Kəskin koxlear nevrit (eşitmənin kəskin pozulması)

  Kəskin koxlear nevrit-eşitmə sinirinin keçiriciliyinin anidən pozulmasıdır. Adətən, belə pasiyentlər həkimə qulaqda eşitmə zəifliyi, küy, daha nadir hallarda isə əlavə olaraq baş gicəllənməsi ilə müraciət edirlər. Bu halda eşitmə sinirinə zədələyici təsiri bir neçə faktor göstərə bilər. Bunlardan ən çox rastlananlar: neyrotrop viruslar, müxtəlif allergenlər, bəzi dializ preparatları, ağır metallar (qurğuşun, civə, molibden və s), ototoksik təsirli antibiotiklər (gentamisin, streptomisin, kanamisin, amikasin və s) və s.
  Bəhs edilən faktor/faktorların təsiri nəticəsində daxili qulaqda yerləşən və eşitmə sinirinin başlanğıcı olaraq qəbul edilən tükcüklü hüceyrələrdə zədələnmə baş verir ki, nəticədə elektrik impuls generasiya olunmur və müəyyən səs diapazonunda itmə baş verir. Adətən baş verən eşitmə pozulması yüksək tezlikli səs diapazonunu əhatə edir. Lakin, bəzən bütün spektr boyunca defisit yaranır.
  Xəstəliyin diaqnostikası pasiyentin şikayətləri (eşitmə zəifliyi, küy və s), anamnezi (xəstəliyin ani başlanğıcı, əksər hallarda virüs infeksiyaları fonunda), fiziki müayinə (xarici qulaq keçəcəyinin. təbil pərdəsinin normal olması), kamertonal testlər (Veber testinin sağlam qulağa yönəlməsi, sümük keçiriciliyinin pozulması və s) və audiometriyaya (neyrosensor ağıreşitmə) əsaslanır.   
  Diaqnoz düzgün qoyulduqdan sonra xəstəliyin kliniki təzahürünə görə müalicə taktikası seçilir. Müalicənin əsas istiqaməti: sinirin qan təchizatınıgücləndirmək, iltihab əlamətlərini aradan qaldırmaq, bərpaedici təsir əldə etməkdir. Bu aşağıdakı vasitələrlə əldə olunur: hormonal preparatların ümumi və yerli (orta qulağa inyeksiya) istifadəsi, antiaqreqantlar, iltihabəleyhinə preparatlar, hiperbarik oksigenasiya, nootrop preparatlar və s. Orta hesabla pasiyentlərin 80-90%-in eşitməsi bu və ya digər şəkildə bərpa olunur. Nadir hallarda eşitmənin düzəlməsinə baxmayaraq qulaqlarda küy saxlanılır.
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol