"Quru" öskürək

  "Quru" öskürək dedikdə-bəlğəmsiz öskürək nəzərdə tutulur. Öskürək, müdafiə mexanizmi olaraq tənəffüs yollarına düşmüş yad cismin xaric edilməsinə yönəlmişdir. Öskürək zamanı nəfəs alınaraq, səs telləri qapanır və alt tənəffüs yollarındakı hava sütununda yüksək təzyiq yaradılır. Davamında səs telləri qısa ara ilə açılıb-qapanmaqla hava xaricə qovulur. Bu akt zamanı tənəfüs yollarındakı yad cism və bəlğəm xaric edilir.
  Öskürək klinik təzahürünə görə produktiv (bəlğəmli, yaş) və qeyriproduktiv (quru) olmaqla 2 qrupa bölünür və müxtəlif pataloji durumlarda fərqli olur. Bəlğəmli öskürək bronxitlər, pnevmoniyalar, bronxoektaziyalar, bronxoezofageal svişlər və s. zamanı daha çox rastlanır. "Quru" öskürək isə faringitlər, bronxitlər, pnevmoniyalar (erkən dövrdə), astma və s. kimi hallarda müşahidə edilir. 
  Mövzumuzun başlığına uyğun olaraq faringitlər zamanı meydana gələn öskürək haqqında daha ətraflı məlumat vermək istərdim. Faringit-udlağın selikli qişasının zədələnməsi nəticəsində meydana gələn pataloji durumdur. Zədələyici amil rolunu müxtəlif faktorlar oynaya  bilər, məsələn-bakteriya, virüs, alllergik komponent, tüstü, kimyəvi (turşulu və ya qələvi) maddələr, quru hava, mədə şirəsi və s. Amilin təsiri nəticəsində selikli qişada quruluq baş verir ki, bu zaman həssaslıq artır və aldığımız tənəffüs belə selikli qişalar tərəfindən yad cism kimi qiymətləndirilərək öskürək refleksi baş verir. Məhz bu səbəbdən faringitli pasiyentlər su içməklə qısa müddətli rahatlama tapır. 
  Zədələyici amil müxtəlifliyini nəzərə alaraq bu kimi patalogiyası olan pasiyentlərə yanaşma fərqlidir. Belə ki, ilk öncə səbəb rolu oynayan faktor aradan qaldırılmalıdır. Məsələn, antibiotiklərlə bakteriyalar məhv edilməli, iltihabəleyhinə preparatlarla iltihabi dəyişikliklər aradan qaldırılmalı, antihistaminlərlə allergik reaksiya durdurulmalı, proton pompa inhibitorları ilə mədə turşuluğu endirilməli və s. Bəzi durumlarda faringit əsas xəstəliyin fəsadı olaraqda görülə bilər. Məsələn, burunətrafı ciblərin iltihabı (haymorit, sfenoidit, etmoidit, frontit), xroniki rinitlər (bakterial, hipertrofik və s.), burun arakəsməsi əyriliyi, poliplər zamanı və s. Bu zaman mexanizm burun tənəffüsünün pozulması nəticəsində hərəkətə gəlir ki, pasiyent məcbur ağızla nəfəs alır və hava nəmlənmədən tənəffüs yollarına daxil olur və udlağı qurudur. 
  Öskürəyin növündən asılı olmayaraq səbəbi həkim-mütəxəssis tərəfindən araştırılmalı və müvafiq müalicə (dərman və ya əməliyyat) tətbiq edilməlidir.
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol